Allergiya və genetik vəziyyətlər

İnək südü zülalına allergiya: valideynlər qida etiketlərini necə oxumalıdır?

Qısa cavab

İnək südü zülalına allergiya immun sistemin süd zülallarına qarşı reaksiyasıdır və laktoza dözümsüzlüyü ilə eyni şey deyil. Müalicənin əsası süd zülalını qidadan çıxarmaqdır. Bunun üçün valideyn qida etiketlərində süd və süd törəmələrini tanımağı bacarmalıdır. Gülnar Nəcəfovanın ixtisas tezisi də məhz bu mövzuya həsr olunub.

Hansı əlamətlərlə özünü göstərir?

  • dəridə: səpki, qaşınma, övrə, ekzemanın kəskinləşməsi, dodaqlarda və göz ətrafında şişkinlik;
  • həzm sistemində: qusma, ishal, nəcisdə qan və ya selik, qarında sancılar;
  • tənəffüs sistemində: burun axması, xırıltılı nəfəs, öskürək;
  • ağır reaksiya (anafilaksiya): nəfəs darlığı, dil və dodaqlarda şişkinlik, halsızlaşma, huşun itməsi. Bu vəziyyətdə dərhal 103 nömrəsinə zəng edin.

Əlamətlər süd qəbulundan bir neçə dəqiqə, bəzən isə saatlar və ya günlər sonra yarana bilər.

Diaqnozu kim qoyur?

Pediatr uşağı müayinə edir və şikayətlərin qidalanma ilə əlaqəsini qiymətləndirir. Diaqnoz həkim nəzarəti ilə aparılan pəhriz sınağı, lazım olduqda isə allergiya testləri ilə təsdiqlənir. Bu mərhələdə uşaq allerqoloq-immunoloquna yönləndirilə bilər. Süd məhsullarını həkimə müraciət etmədən uşağın qidasından tam çıxarmayın, bu, qida çatışmazlığına səbəb ola bilər.

Etiketdə hansı sözlərə diqqət etmək lazımdır?

Məhsulun tərkibində aşağıdakı sözlərdən biri varsa, orada inək südü zülalı ola bilər. Bazarda xarici istehsal məhsulları çox olduğu üçün cədvəldə dörd dildə qarşılıqlar verilib:

Azərbaycan dilindəTürk dilindəRus dilindəİngilis dilində
süd, quru süd, süd tozusüt, süt tozuмолоко, сухое молокоmilk, milk powder
qaymaq, xamakrema, kaymakсливки, сметанаcream
kərə yağıtereyağıсливочное маслоbutter
pendir, kəsmikpeynir, lorсыр, творогcheese
yoqurt, qatıq, ayranyoğurt, ayranйогурт, кефирyogurt
zərdabpeynir altı suyuсывороткаwhey
kazein, kazeinatkazein, kazeinatказеин, казеинатcasein, caseinate
laktoalbumin, laktoqlobulinlaktalbümin, laktoglobulinлактальбумин, лактоглобулинlactalbumin, lactoglobulin
“tərkibində süd izləri ola bilər”“eser miktarda süt içerebilir”“может содержать следы молока”“may contain milk”

Qoyun və keçi südünün zülalları inək südü zülallarına çox oxşardır, ona görə onlar əvəzedici kimi uyğun deyil.

Ana südü və qarışıqla qidalanan körpələr

  • Ana südü ilə qidalandırmağa davam edin. Ananın pəhrizindən süd məhsullarının çıxarılmasına ehtiyac olub-olmadığını həkim müəyyən edir.
  • Qarışıqla qidalanan körpə üçün xüsusi müalicəvi qarışığı həkim seçir.

Allergiya keçib gedirmi?

Bir çox uşaqda yaş artdıqca süd zülalına qarşı tolerantlıq yaranır. Süd məhsullarının qidaya nə vaxt və necə qaytarılacağına həkim qərar verir. Xüsusilə əvvəllər ağır reaksiya keçirmiş uşaqlarda bunu evdə özbaşına sınamaq olmaz.

Elmi işdən qısa qeyd

Gülnar Nəcəfovanın Marmara Universitetində hazırladığı ixtisas tezisində inək südü zülalına allergiyası olan 0–5 yaşlı 119 uşağın ailəsi iştirak edib. Valideynlər qida tərkibi haqqında biliklərini etiket oxuma bacarıqlarından daha zəif qiymətləndiriblər, etiket oxumağı isə faydalı, amma asan olmayan vərdiş kimi dəyərləndiriblər. Bu yazının məqsədi də ailələrin qida tərkibini daha asan tanımasına kömək etməkdir.

Bu yazı maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.

Mövzu, xəstəlik və ya sual yazın. Məsələn:

    Qəbula yazılın

    Formanı doldurun və ya zəng edin.

    Məsələn: 8 aylıq, 3 yaş

    Müraciət WhatsApp vasitəsilə Sağlam Ailə Tibb Mərkəzinin xəttinə göndərilir.

    Formada ətraflı tibbi məlumat, analiz nəticələri və ya şəkil göndərməyin, bunları qəbul zamanı həkimlə bölüşün. Təcili hallarda forma əvəzinə 103 nömrəsinə zəng edin.

    Uzman Pediatr

    Gülnar Nəcəfova

    Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis